Aşıq Nəsibin yaradıcılığında işlək şeir janrları
حوزه های تخصصی:
Aşıq sənəti əsrlərlə davam edən təcrübələrdən keçərək cilalanmış, özünəməxsus ifa tərzi, ənənələrə söykənən forması və qayda-qanunları olan bir yaradıcılıq sahəsi halına gəlmişdir. Aşıqlar musiqi ilə yanaşı heca vəznində xalq şeirinin müxtəlif formalarında şeirlər də yaratmışlar. Bu al-əlvanlıq aşıq mühitlərinə görə də dəyişmiş, bəzi mühitlərdə işlək olan janrlar başqa mühitdə o qədər də işlək olmamışdır. Bütün dövrlərdə və mühitlərdə bu şeirlərdən daha çox gəraylı, qoşma və təcnis işlək olmuşdur.
Bu yaradıcı aşıqlardan biri də Ağbaba-Çıldır aşıq mühitinin usta təmsilçisi Aşıq Nəsib olmuşdur. O, XIX əsrin sonu - XX əsrin əvvələrində yaşayıb yaratmışdır. Aşıq Nəsibin yaradıcılığında aşıq rəvayətləri də daxil olmaqla vur-tut yeddi janr müşahidə edilir. Bizcə, bunun iki mühüm səbəbi var: əvvəla, aşığın poetik irsi vaxtında toplanmadığı üçün böyük əksəriyyəti itib-batmışdır. İkincisi, Ağbaba-Çıldır aşıq mühiti söz qoşma və ifaçılıq ənənələri baxımından Anadolu aşıq məktəbinə daha yaxın olduğu üçün janr əlvanlığı sahəsində başqa aşıq mühitlərindən fərqlənir. Lakin Ağbaba-Çıldır aşıq mühitində aşıq şeirinin bütün əsas janrları mövcuddur. Burada bayatı, qoşma, gəraylı, təcnis, müxəmməs, divani, ustadnamə, dastan, rəvayət kimi janrlardan geniş şəkildə istifadə edilmiş, sadəcə olaraq, müstəzad, cığalı və qoşayarpaq təcnis, dodaqdəyməz, dildönməz kimi daha mürəkkəb bəzi şeir növləri çox da işlək olmamışdır.